Ölkəmizdə muzey işi qədim dövrlərdən başlayaraq özünəməxsus yol keçmişdir. Azərbaycan hökmdarlarının saraylarında, məbədlərdə, həmçinin digər tikililərdə mədəniyyət tariximizin ən müxtəlif dövrlərinə aid qiymətli əşyalar və sənət nümunələri mühafizə edilmişdir. Tarixi və bədii əhəmiyyət kəsb edən eksponatların mühüm bir qismi sonrakı dövrlərdə əsas etibarı ilə şəxsi kolleksiyalarda toplanmışdır.

Eyni zamanda tarixən regionda baş vermiş qeosiyasi hadisələr nəticəsində Azərbaycan mədəniyyətinin, elminin, incəsənətinin unikal nümunələri yüksək estetik dəyərə malik əsil sənət möcüzələri kimi dünyanın ən məşhur muzeylərinin daimi eksponatları sırasında yer almışdır.

XIX əsrin ikinci yarısından etibarən Azərbaycanın ictimai-siyasi, mədəni fikir həyatında sürətlə cərəyan edən proseslər öz növbəsində muzey işinin təşkilinə təkan vermiş və ölkəmizdə müasir tipli muzeylərin yaradılmasına başlanmışdır. İlk belə muzeylərdən biri görkəmli maarifpərvər yazıçı, Şərqdə ilk satirik jurnal olan Molla Nəsrəddin jurnalının yaradıcısı və baş redaktoru Cəlil Məmmədquluzadə tərəfindən özünün işlədiyi Nehrəm kənd məktəbində yaradılmışdı.

XX əsrin əvvəllərində Bakıda xalq məktəbləri müdiriyyəti nəzdində pedaqoji muzey yaradılmışdır. Həmin illərdə Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində qapalı muzey fəaliyyət göstərirdi.

Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Demokratik Cumhuriyyəti dövründə (1918-1920) – 1919-cu ilin dekabr ayında görkəmli sənətşünas və incəsənət nəzəriyyəçisi Məhəmməd Ağaoğlunun rəhbərliyi ilə Bakıda İstiqlal muzeyi təşkil olunmuşdur.

Arxeologiya Cəmiyyətinin və Etnoqrafiya Muzeyinin təşkili sahəsində də mühüm işlər görülmüşdür.

1920-ci il iyunun 15-də Azərbaycan SSR Xalq Maarif Komissarlığında muzey-ekskursiya şöbəsi yaradıldı və xüsusi tədris muzeyinin təsis edilməsi qərara alındı. Həmin ilin oktyabrında bu muzeyə dövlət statusu verildi və Azərbaycan SSR Dövlət Muzeyi adlandırıldı.

1924-cü ildə Dövlət Muzeyi nəzdində 3 şöbə – Tarix-etnoqrafiya, Geologiya-minerologiya, Zoologiya-təbiət şöbələri təşkil edildi, 1925-ci ildə isə burada yeni şöbə- İncəsənət şöbəsi və 1927-ci ildə Teart şöbəsi yaradıldı. 20-ci illərdə Bakıda İnqilab, Əmək və Kənd Təsərrüfatı muzeyləri, respublikanın Gəncə, Naxçıvan, Şəki və Lənkəran şəhərlərində tarix-diyarşünaslıq muzeylərinin yaradılması istiqamətində iş aparıldı. Azərbaycan SSR Dövlət Muzeyinin müvafiq şöbələri əsasında 1934-cü ildə Bakıda Azərbaycan Dövlət Teatr Muzeyi, 1936-ci ildə Azərbaycan Dövlət İncəsənət Muzeyi və Azərbaycan Dövlət Təbiət Tarixi Muzeyi təşkil edildi. Həmin ildə Azərbaycan SSR Dövlət Muzeyi Azərbaycan Tarixi Muzeyinə çevrildi.

1935-ci ildə SSRİ EA-nın Azərbaycan Filialı nəzdində Din Tarixi və Ateizm Muzeyi, 1939-cu ildə isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi münasibətilə Bakıda Nizami Muzeyinin yaradılması qərara alındı və 1945-ci ilin mayında Nizami muzeyinin açılışı oldu. 1940-cı ildən Bakıda Xalq Təhsili Muzeyi fəaliyyət göstərir.

1967-ci ildə iki bədii muzeyin - Azərbaycan Xalça Muzeyinin və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin yaradılması barədə qərar qəbul edilmişdir. 1970-ci illərdə xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızda elmin, mədəniyyətin yüksəlişi, eyni zamanda fəaliyyətdə olan muzeylərin fondlarının dövlətdən ayrılan külli miqdarda vəsaitlər hesabına zənginləşdirilməsi nəzərə çarpır.

1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə muzey işinə aid xüsusi qərar qəbul edilmişdir. Bu qərar muzey şəbəkəsinin inkişafına, müxtəlif profilli muzeylərin yaradılmasına imkan yaratmışdır.

Məhz bu illərdə görkəmli elm və mədəniyyət xadimləri Ü.Hacıbəyovun, C.Cabbarlının, S.Vurğunun, N.Nərimanovun, Ə.Əzimzadənin, C.Məmmədqulu-zadənin, Bülbülün, Niyazinin xatirə muzeyləri və əksər rayonlarda tarix-diyarşünaslıq muzeyləri yaradılmışdır.

18 mart 2005-ci il tarixində Azərbaycan Reaspublikasının Prezidenti İlham Əliyevin Muzey Mərkəzinə gəlişi, respublika muzeylərinin problemləri ilə yaxından tanış olması, gələcəkdə bu sahədə geniş miqyaslı yenidənqurma işlərinin aparılmasına təkan vermişdir. Sonrakı illərdə respublika Prezidenti tərəfindən muzey işinin inkişafına yönəldilmiş bir çox Sərəncamlar imzalanmışdır.

“Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli Sərəncamı milli-mədəni sərvətlərimizin qorunması, muzey fondlarında mühafizə olunan qiymətli eksponatlar və sənət yadigarlarının gələcək nəsillərə çatdırılması işinə dövlət qayğısının parlaq təzahürüdür. 2009-cu il 22 may tarixli 292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planının icrası respublikada muzeylərin inkişafına güclü təkan vermiş, Bakı şəhərində və ölkəmizin əksər regionlarında müasir tipli yeni muzeylərin yaradılmasına, tamaşaçıların sayının artmasına, turizmin inkişafina şərait yaratmışdır.

Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın mədəni irsimizin qorunması və təbliği istiqamətində çoxşaxəli, yorulmaz fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakı şəhərində muzey işinin təşkili baxımından digər muzeylərə nümunə ola biləcək unikal Müasir İncəsənət, Daş Salnaməsi və digər muzeyləri açılmışdır.

Respublikanın ən iri muzeyləri sırasına Azərbaycan Milli Tarix Muzeyi, Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Naxçıvan MR Dövlət Tarix Muzeyi və C.Məmmədquluzadə adına Dövlət Ədəbiyyat Muzeyi daxildir ki, bu muzeylərin fondlarında Azərbaycanın nadir maddi mədəniyyət nümünələri mühafizə edilir.

Hazırda respublikanın şəhər və rayonlarında 60 Heydər Əliyev mərkəzi fəaliyyət göstərir. Heydər Əliyev mərkəzləri ulu öndərin böyük həyat yolunu, Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərini əks etdirməklə yanaşı əhalinin, xüsusən gənc nəslin mədəni həyatının təşkilində mühüm rol oynayırlar. Mərkəzlərin əksəriyyətində elektron kitabxanalar, kompüter və iclas zalları, dil kursları, tətbiqi sənət dərnəkləri fəaliyyət göstərir. Hazırda respublikada 250-dən çox dövlət və şəxsi muzeylər mövcuddur ki bunlardan Mədəniyyət Nazirliyi sistemində 219 müxtəlif profilli: incəsənət, ədəbiyyat, tarix, tarix-diyarşünaslıq, döyüş şöhrəti, ev muzeyləri fəaliyyət göstərir. Bu gün Azərbaycanda muzey işinin dünya standartları səviyyəsinə çatdırılmasına, yeni muzey binalarının tikintisinə, əsaslı təmir işlərinin aparılmasına, muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə, mədəni-xidmət işinin keyfiyyətinin yüksəldilməsinə böyük imkanlar yaranmış və bu istiqamətdə çoxşaxəli işlər aparılır.