AZƏRBAYCAN MUZEYLƏRİ

close

Azərbaycan Milli İncəsənət Muzeyi Asiya Milli Muzeylər Assosiasiyasına üzv olub

Oktyabrın 29-31-də Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Asiya Milli Muzeylər Assosiasiyasının (ANMA) 7-ci konfransı keçirilib. Qurumun builki toplantısında ölkəmizdə də təmsil olunub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin Muzeylərlə iş sektorunun müdiri Nərgiz Abdullayeva tədbirdə iştirak edib. Ənənəvi toplantının açılışında Malayziyanın Turizm, İncəsənət və Mədəniyyət nazirinin müavini Tuan Muhammad Baxtiar bin Van Çik salamlama nitqi ilə çıxış edib. Sonra konfransın sədri, Malayziyanın Muzeylər İdarəsinin baş direktoru Datuk Kamarul Baharin bin A.Kasim tədbir iştirakçılarını salamlayaraq ötən müddətdə görülən işlərə nəzər salıb. Konfrans çərçivəsində Yaponiya, Çin, İndoneziya, Vyetnam, Tailand, Şimali Koreya, Nepal, Kamboca, Sinqapur, Oman, Qazaxıstan milli muzeylərinin son iki il ərzindəki fəaliyyəti ilə bağlı təqdimatları olub. Tədbirdə həmçinin Azərbaycan Mədəniyyət Nazirliyinin sektor müdiri Nərgiz Abdullayeva tərəfindən ölkəmizin aparıcı muzeylərindən olan Milli Xalça və Milli İncəsənət muzeyləri ilə bağlı təqdimat təşkil edilib. Təqdimatda sözügedən muzeylər haqqında məlumat verilib, bu mədəniyyət ocaqlarının həyata keçirdiyi layihə və proqramlardan söz açılıb. Hər iki muzeyin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib. Uğurlu təqdimatdan sonra səsvermə keçirilib və Azərbaycan Milli İncəsənət Muzeyi Asiya Milli Muzeylər Assosiasiyasına üzv qəbul edilib. Tədbir çərçivəsində Tokio, Çin və digər üzv ölkələrin milli muzey direktorları ilə görüşlər təşkil edilib, əməkdaşlıqla bağlı müzakirələr aparılıb. Konfrans iştirakçıları Malayziyanın məşhur Kral Sarayı, Milli və Tekstil muzeylərinə baş çəkiblər. Qonaqlar daha sonra UNESKO-nun Dünya irs siyahısında yer alan Malaka şəhərinə səfər ediblər. Qeyd edək ki, Asiyadakı milli muzeylər arasında mübadilə və əməkdaşlığın təşviqi məqsədilə yaradılan ANMA-nın 16 üzvü var. Hər iki ildən bir assosiasiyanın konfransı təşkil olunur. Qurumun növbəti konfransı 2021-ci ildə Oman dövlətində keçiriləcək.

ICOM Azərbaycan Milli Komitəsinin yeni sədri seçilib

Oktyabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsinin növbəti plenar iclası keçirilib. Gündəlikdə 2019-2022-ci illər dövrü üzrə Azərbaycan Milli Komitəsinin yeni sədrinin və Rəyasət Heyətinin seçilməsi məsələləri durub. İclası ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru açaraq 2016-2019-cu illər dövründə fəaliyyəti, görülən işlər və əldə olunan nəticələr barədə məlumat verib. ICOM Azərbaycan Milli Komitəsinin mühasibi Könül Abbasova isə sözügedən dövr üzrə maliyyə hesabatını diqqətə çatdırdı. Sonra seçki komissiyasının üzvləri Məhfuzə Zeynalova və Həcər Alxasova Azərbaycan Milli Komitəsinin Rəyasət Heyətinin üzvlüyünə namizədləri - Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova, “Azterminalkompleks” Birliyinin direktoru Ehtiram Xəlilov, Heydər Əliyev Mərkəzində mədəniyyət və incəsənət üzrə məsləhətçi Emin Məmmədov, Mədəniyyət Nazirliyinin Muzeylərlə iş sektorunun müdiri Nərgiz Abdullayeva, Heydər Əliyev Mərkəzində Elmi araşdırmalar və Heydər Əliyev irsinin təbliğatı şöbəsinin müdiri Nigar Rəhimli, Azərbaycan Milli Xalça Muzeyinin baş mütəxəssisi Rəma Zeynalovanı iclas iştirakçılarına təqdim edib, onlar barədə ətraflı məlumat verdilər. Təqdimatdan sonra iclas iştirakçılarına açıq səsvermə ilə öz münasibətlərini bildirmək təklif edilib. Səsvermənin nəticələrinə əsasən ICOM Azərbaycan Milli Komitəsinin Rəyasət Heyətinin yeni üzvləri müəyyən olundu. Daha sonra Rəyasət Heyətinin yeni üzvləri arasından ICOM Azərbaycan Milli Komitəsinin sədri və katibi vəzifəsinə seçki keçirilib. Rəyasət Heyətinin yeni üzvlərinin yekdil qərarı ilə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova növbəti dəfə ICOM Azərbaycan Milli Komitəsinin sədri, muzeyin baş mütəxəssisi Rəma Zeynalova isə komitənin katibi seçilib. Məlumat üçün qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) nizamnaməsinə əsasən ICOM-un Beynəlxalq və Milli komitələri hər 3 ildən bir yeni sədr və idarə heyətini seçir. ICOM Azərbaycan Milli Komitəsi ictimai təşkilat kimi Azərbaycan muzeylərini, elm, mədəniyyət, incəsənət xadimlərini, muzey işi ilə bilavasitə əlaqəsi olan və ICOM təşkilatının üzvü olan şəxsləri birləşdirir. Milli Komitənin əsas vəzifələri muzey işi və mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək, xarici muzeylərin mütərəqqi təcrübələrini öyrənmək, silahlı toqquşmalar zamanı mədəni dəyərləri xilas etmək, onların qeyri-qanuni ticarətinə qarşı mübarizə aparmaq, mədəni irsin qorunması, ölkədə muzey menecmentinin inkişafından ibarətdir.

Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları Milli Xalça Muzeyi ilə tanış olublar

Qoşulmama Hərəkatının XVIII Bakı Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları oktyabrın 26-da Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olublar. Qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən Muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir. Diqqətə çatdırılıb ki, “qızıl fondu”nu xovlu xalçalar təşkil edən Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir. Qeyd edilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Maddi-mədəni irsimizlə yanaşı, Muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu qonaqlarda xoş təəssürat yaradıb.

Abdulla Şaiqin xatirəsi anılıb

15 oktyabr 2019-cu il tarixində Abdulla Şaiqin Mənzil Muzeyində ədibin vəfatının 60 illiyinə həsr edilmiş tədbir keçirildi. “Abdulla Şaiq “Türk ocağı”nın qurucularından biri kimi” adlı tədbir Azərbaycanda bərpa edilmiş “Türk ocağı” cəmiyyəti ilə birgə təşkil edilib. Anım gününə həsr olunmuş tədbirdə “Şərq” qəzetinin baş redaktoru, “Türk ocağı” cəmiyyətinin sədri Akif Aşırlı, tarixçi alim Firdövsiyə Əhmədova, cəmiyyətin üzvləri, Bakı muzeylərinin əməkdaşları, universitet müəllimləri və kitabxananın nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə muzeyin direktoru Ülkər Talıbzadə açaraq ədibin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. Tədbir muzeyin əməkdaşı Arzu Hacıyevanın “Abdulla Şaiq – milli ideoloq kimi” adlı məruzəsi ilə davam etdi. Şaiq irsinin tədqiqatçısı milli ideologiyanın formalaşdırılmasında ədibin misilsiz xidmətlərindən danışdı. “Türk ocağı” cəmiyyətinin sədri Akif Aşırlı belə bir tədbirin A.Şaiqin adını daşıyan mədəniyyət ocağında keçirilməsindən məmnunluğunu bildirdi. O, ədibin türkçülüyə dair əsərlərinin, həmçinin publisistikasının tədqiq olunmasına ehtiyac olduğunu bildirdi. Çıxışının sonunda Akif Aşırlı “Türk ocağı” Azərbaycanda” kitabının Bakı-2015 və İstanbul-2016 nəşrlərinin nüsxələrini təqdim etdi. Firdövsiyə Əhmədova gənc nəsillərin təlim və tərbiyəsinin məhz Şaiq kimi munis bir təbiətə malik, vətənsevər, türkçü bir pedaqoqa həvalə olunmasını bizim xoşbəxtliyimiz kimi dəyərləndirdi. Firdövsiyə xanım onu da bildirdi ki, uşaq şairi hesab etdiyimiz Abdulla Şaiq əslində coşqun təbiətli bir şairdir. Onun turançılıq təbliğ edən şeirləri buna nümunədir. Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Mübariz Süleymanlının çıxışı ilə davam etdi. M.Süleymanlı türkçülük əqidəsinin Talıbzadələr nəslinə xas xüsusiyyət kimi səciyyələndirdi. O, A.Şaiqin atası - Zaqafqaziya şeyxülislamı Şeyx Əhməd Səlyaninin müavini Axund Mustafa Talıbzadədən və Şaiqin pedaqoji sahədə əvəzsiz xidmətlərindən danışdı. Tədbirdə Abdulla Şaiqin həyat və fəaliyyətini əks etdirən slayd-şou nümayiş etdirildi. Bədii hissədə muzeyin əməkdaşları ədibin şeirlərini səsləndirdilər.

Milli İncəsənət Muzeyinin direktoru Fransanın fəxri ordeni ilə təltif olunub

Oktyabrın 10-da Fransanın Bakıdakı səfirliyində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyevə bu ölkənin İncəsənət və Filologiya Kavaleri ordeninin təqdim edilməsi mərasimi keçirilib.

Bakıda “İplər arasında harmoniya” adlı sərgi açılıb

Oktyabrın 10-da Azərbaycan Milli Xalça Muzeyində Macarıstan Qobelen Sənətləri Birliyinin “İplər arasında harmoniya” adlı sərgisi açılıb.

Mədəniyyət naziri Əbülfəs Qarayevin Yaradıcı və Mədəniyyət Sənayelərinin nümayəndələri ilə görüşü keçirilmişdir

Oktyabrın 8-də Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə ölkədə Yaradıcı və Mədəniyyət Sənayeləri (YMS) sahələrində (musiqi, dizayn, memarlıq, moda sənəti, sənətkarlıq, təsviri sənət, film, video, foto sənəti, ədəbiyyat və nəşriyyat, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiyalar) fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərləri, prodüserlər və fərdi ekspertlərlə görüş təşkil edilmişdir.

Xalça Muzeyində xalçaçı-rəssam Eldar Mikayılzadənin mühazirəsi dinlənilib

Azərbaycanın Xalq rəssamı Mikayıl Abdullayev ötən əsrin 70-ci illərində Nəsimi obrazını yaratdı. Bizim də istinad etdiyimiz obraz məhz o rəsmdən başladı. Xalçanı yaradarkən həm də Nəsimin “Sığmazam” qəzəlindən ilhamlandım.

Qara Qarayevin ev-muzeyinin yaradılmasının bir illiyi münasibətilə tədbir keçirilib

Oktyabrın 1-də Qara Qarayevin ev-muzeyinin bir ilinin tamam olması münasibətilə tədbir təşkil olunub.

İmaddədin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi açılıb

Sentyabrın 28-də Azərbaycan Milli Xalça Muzeyində böyük mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi açılıb.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə İndoneziyanın musiqi alətləri hədiyyə olunub

İndoneziya Respublikasının ölkəmizdəki səfiri Husnan Bəy Fanani Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə İndoneziya milli musiqi alətləri olan anqklunq, qambanq, lodonq və digər musiqi alətləri hədiyyə edib. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Husnan Bəy Fananiyə hədiyyələrə görə təşəkkürünü bildirib. Təqdim olunan musiqi alətləri muzeyin dünya xalqlarının musiqi alətləri kolleksiyasını daha da zənginləşdirəcəyi vurğulanıb.

Çin Xalq Respublikasının nümayəndə heyəti Milli Xalça Muzeyində olub

Ölkəmizdə səfərdə olan Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 21-də Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.