AZƏRBAYCAN MUZEYLƏRİ

close

“Vərqa və Gülşa: geri dönüş”

Audio-video instalyasiya
Səs və kompozisiya-İbrahim Babayev
Dijital vizualizasiya-Timur Əmirxan
Kurator-Könül Rəfiyeva

Muzey məkanı tamamilə müasir rəssamların audiovizual performans meydanına çevriləcək. Pilləkənlər, koridorlar, sərgi zallarını gəzərək ziyarətçi incəsənət əsərlərindən aldığı təəssüraatların musiqi ilə birləşdiyi, işıq-vizual effektlər sayəsində emosional ritmlərinin sinxronlaşdığı öz daxili aləmlərini kəşf edirlər. Bu installasiya çağdaş auditoriya üçün muzeyin zəngin Azərbaycan incəsənəti kolleksiyasına, ekspozisiyanın yeni formatlarda təqdimatına, rəqəmsal texnologiyaların muzey məkanında istifadəsinə və ziyarətçilərin interaktivliyinə müasir baxış əldə etmək imkandır.Bu multimedia layihəsində müəlliflər Əyyuqinin XIII əsrin əvvələrinə aid edilən və Abdul Mömin əl- Xoyi tərəfindən illustrasiya olunmuş “Vərqa və Gülşa” poemasının qəhramanlarının tragik sevgi hekayəsindən ilhamlanaraq tarixin başlanğıcına geridən baxışı, gələcəkdən keçmişə səyahəti və tarixin dönməzliyini əks etdirirlər. Azərbaycan Milli İncəsənət Muzeyinin daimi ekspozisiyasındakı əsərlər əsasında yaradılan bu layihə macəraların, müharibələrin, gözlənilməz tale döngələrinin, eyni zamanda tarixin sıfırlandığı, həm başlanğıcın, həm də sonun bərabərləşdiyi xoşbəxt və faciəvi sonlar dünyasına rəqəmsal və səs əsəri vasitəsilə qərq edir. Döyüş və janr epizodları, xoşbəxt və faciəvi, son və başlanğıc kimi simmetrik silsilə yaradaraq, ətraf aləmi emosional və psixoloji cəhətdən “doyuraraq” ritmik şəkildə növbələşir.