AZƏRBAYCAN MUZEYLƏRİ

close

Azərbaycan Milli Xalça Muzeyi

Reytinq 5/5

Azərbaycan Milli Xalça Muzeyi Azərbaycan SSR-nin Nazirlər Sovetinin 13 mart 1967-ci iltarixli 130 nömrəli sərəncamı ilə yaradılmışdır. 1967-1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993-2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014-2019-cu illərdə Azərbaycan Xalça Muzeyi, 2019-cu ildən bu günədək Azərbaycan Milli Xalça Muzeyi adlanır.

2014-cü ildə Dənizkənarı Milli Parkda inşa edilən yeni binasına köçürülmüşdür. Yarandığı zaman dünyanın ilk xalça muzeyi olmuşdur. Burada Azərbaycan xalçalarının dünyada ən zəngin kolleksiyası toplanılmışdır.

“Xovlu xalçalar”, “Xovsuz xalçalar”, “Xalça məmulatları”, “Bədii metal”, “Keramika, şüşə, ağac, kağız”, “Parça, geyim, tikmə” və “Zərgərlik məmulatları” kimi yeddi kolleksiyanı özündə birləşdərən muzey fondunda 10 mindən artıq eksponat saxlanılır. Muzeydə tunc və antik dövrə, erkən orta əsrlərə aid nadir əşyalar qorunur. Kolleksiyalarının böyük hissəsi isə XVII-XX əsrlərə aiddir.

Muzey beynəlxalq simpoziumlar və konfranslar, sərgi və digər tədbirlərin keçirildiyi elmi-tədqiqat, mədəniyyət və təhsil mərkəzinə çevrilmişdir. Eyni zamanda, muzeydə ictimaiyyətlə iş üzrə daimi interaktiv layihələr həyata keçirilir. Burada rəssamlıq və turizm ali təhsil müəssisələrinin tələbələri üçün könüllü proqramları, peşəkar dekorativ-tətbiqi sənət ustaları və sənətsevərlər üçün  yerli və xarici ekspertlər tərəfindən ustad-dərsləri, ailələr üçün isə - müsabiqə və oyunlarla dolu “Ailə günü” təşkil olunur, həmçinin muzeydə hamının qatıla biləcəyi tətbiqi sənət və etnoqrafiya üzrə mühazirələr keçirilir.

2017-ci ildə Azərbaycan Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Şurasının Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən “Ən yaxşı təcrübə” mükafatına və “Avropanın ən yaxşı muzeyi – 2018” müsabiqəsində “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” sertifikatına layiq görülmüşdür.

(+994 12) 497-20-16

(+994 12) 497-20-57

(II – VII) 10:00 – 18:00

Bazar günü 10:00 – 20:00

Ünvan

Bakı, Mikayıl Useynov prospekti 28

Tədbirlər