Məmməd Səid Ordubadinin Ev-Muzeyi
Görkəmli yazıçı, şair, publisist, dramaturq, tərcüməçi, jurnalist, ictimai xadim Məmməd Səid Ordubadinin xatirə muzeyi 1 noyabr 1979-cu ildə yaradılmışdır. Ədib 1938-ci ildən ömrünün sonuna -1950-ci il mayın 1-nə qədər həmən mənzildə yaşayıb -yaratmışdır.
M.S.Ordubadinin xatirə muzeyində saxlanılan eksponatlar yazıçının keçdiyi həyat yolu, yaradıcılığı barədə dolğun təsəvvür yaradır.
Muzey 2 otaqdan ibarətdir. 1-ci otaq M.S.Ordubadinin həm iş, həm də qonaq otağı olub. Otaqda ədibə məxsus məişət əşyaları, mebel, o cümlədən məşhur romanlarını qələmə aldığı yazı masası, fotoşəkillər, kitablar nümayiş olunur. 2-ci otaq ekspozisiya otağıdır. Burada ədibin çoxşaxəli yaradıcılığı əks olunur. Bu otaqda M.S.Ordubadi libtrettoçu, publisist, şair və dramaturq kimi təqdim olunur. Muzeyin əsas fondunda 2000-ə yaxın eksponat toplanmışdır. Onlardan 300-ü muzeyin ekspozisiyasında nümayiş etdirilir.