“İçərişəhər” Muzey Mərkəzi
“İçərişəhər” Muzey Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 dekabr 2018-ci il 558 saylı qərarına əsasən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin struktur qurumu kimi yaradılmışdır. “İçərişəhər” Muzey Mərkəzinin tərkibinə tarixi dövrü e.ə VIII-VII əsrləri əhatə edən əfsanəvi Qız Qalası, XII-XV əsrlərə aid olan əzəmətli Şirvanşahlar Sarayı kompleksi, “Müqəddəs əmanətlər” ekspozisiyası ilə məşhur olan Bəylər məscidi, açıq səma altında muzey kimi fəaliyyət göstərən Siratağlı dini- memarlıq kompleksi, qədim adət-ənənələrin qorunub saxlanıldığı Qala Dövlət-Tarix Etnoqrafiya Qoruq muzeyi, zamanı və insanları birləşdirən Bakı Fotoqrafiya evi daxildir.
Yeni yaradılan, özündə muzey ekspozisiyalarını birləşdirən Muzey Mərkəzi Azərbaycanın zəngin tarixini, çox şaxəli mədəniyyətini bütün dünyaya tanıdır. Muzey Mərkəzin fondunda 54000 eksponat qorunub saxlanılır
2000-ci ildə İçərişəhər, Qız Qalası və Şirvanşahlar Sarayı ilə birlikdə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir.