Arxeoloji- Etnoqrafik Muzey Kompleksi
Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 aprel 1988-ci il, 135 saylı qərarı ilə Qala qəsəbəsinin tarixi hissəsində yaradılmışdır. Tarixinin 5000 il əvvələ aid olduğu Qala qədim yaşayış məskənidir.
Arxeoloji Etnoqrafik Muzey Kompleksi 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə Qala qoruğu ərazisində açıq səma altında yaradılmışdır.
Muzey kompleksi ərazisində Azərbaycana, xüsusən də Qala qəsəbəsinə və Abşeron yarımadasına xas olan arxeoloji memarlıq abidələri toplanaraq bərpa olunmuşdur.
Bu ərazidə e.ə. III-II minilliklərə aid kurqanlar, arxeoloji abidələr, həmin dövrə aid olan yaşayış məskənləri, orta əsrlərə aid yaşayış və başqa memarlıq nümunələri və s. ilkin görünüşündə qurulmuşdur. Müasir muzey və abidələrin mühafizəsi tələblərinə uyğun olaraq 1,5 hektar ərazidə Abşeronun tarixi incilərini seyr etmək üçün şərait yaradılmışdır.