Qara Qarayevin Ev-Muzeyi
Dahi Azərbaycan və XX əsrin görkəmli bəstəkarlarından biri olan Qara Qarayevin (1918-1982) mənzil muzeyi onun 100 illik yubileyi ilində açılmışdır. Muzeyin ekspozisiyasında Qara Əbülfəz oğlu Qarayevin həyat və yaradıcılıq yolunu əks etdirən nadir materiallar – sənədlər, əlyazmalar, fotoşəkillər, tamaşa və konsert afişaları, bəstəkarın şəxsi əşyaları, məişət əşyaları təqdim olunmuşdur. Muzeyin kolleksiyasına 300-dən artıq material daxildir.
Muzey Bakı şəhərinin mərkəzində, Qara Qarayevin ailəsi ilə 1918-1946-cı illərdə yaşadığı Nizami, 47/49 ünvanında yerləşir. Burada onun ilk əsərləri yazılmışdır. Ümumiyyətlə, Qara Qarayevin yaradıcılıq irsi musiqi incəsənətinin demək olar ki, bütün janrlarını əhatə edir.
Qara Qarayevin mənzil muzeyi toplama, tədqiqat və maarif işi ilə məşğul olur. Burada müntəzəm olaraq kamera konsertləri və musiqili görüşlər keçirilir. Uşaqlara bacarıqlarını inkişaf etdirmək üçün interaktiv oyunlar təklif olunur.