AZƏRBAYCAN MUZEYLƏRİ

close

Niyazinin Mənzil-Muzeyi

Reytinq /5

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filiallarından ən böyük ekspozisiya sahəsinə və eksponatların sayına malik olanı SSRİ xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin mənzil muzeyidir. Onun təşkili haqqında əmr Mədəniyyət Nazirliyi tərəfindən 1990-cı ilin dekabrın 28-də verilmişdir. Geniş tamaşaçı kütləsi üçün muzey 1994-cü il sentyabrın 18-də qapılarını açmışdır. Hal-hazırda muzeyin mudiri Bayramov Rza Rafiq oğludur.

Maestro Niyazi (20.08.1912- 02. 08.1984) bu mənzildə (Bülbül pr. 21, mən. 24) 1958-ci ildən ömrünün sonunadək yaşayıb–yaratmışdır. Mənzil muzeyi 5 otaqdan ibarətdir: bunlardan 3-ü (yemək, yataq və iş otağı) memorial otaqlardır. Onlar Maestronun dövründə olduğu kimi qorunub saxlanılmışdır. Digər 2 otaq – ekspozisiya və artistik qonaq otağı məqsədilə istifadə olunur. Ekspozisiya otağında Niyazinin uşaqlığından başlayaraq həyatının son illərinədək həyat və yaradıcılığını əks etdirən foto–şəkillər, not əlyazmaları, afişalar, proqramlar və s. eksponatlar nümayiş etdirilir. Qonaq otağında Niyazinin ictimai fəaliyyətini əks etdirən foto-şəkillər, müxtəlif illərdə Maestroya bağışlanmış və muzey tərəfindən əldə olunmuş rəngkarlıq əsərləri nümayiş etdirilir.

Bu mənzildə mütəmadi olaraq Niyazinin həyat və yaradıcılığına həsr olunmuş tədbirlər-xatirə gecələri, konfranslar və konsertlər təşkil olunur. Bundan əlavə respublikamızın musiqi həyatında baş vermiş əlamətdar hadisələrə həsr olunmuş müxtəlif tədbirlər də burada keçirilir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Niyaziyə aid 7000 minə yaxın materiallar saxlanılır.

(+994 12) 493-18-36

(II – VII) 10:00 – 18:00

Ünvan

Bakıi, Bülbül prospekti 21, mənzil 24

Tədbirlər