AZƏRBAYCAN MUZEYLƏRİ

close

Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” devizi altında keçiriləcək.

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü dünyada hər il 18 may tarixində müəyyən deviz altında qeyd olunur. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” (Muzeylər ətrafımızdakı dünyanı dəyişmək gücünə malikdir) devizi altında keçiriləcək.

Kəşflərin bənzərsiz məkanı olaraq muzeylər bizə keçmişimizi öyrədir və zehnimizi yeni ideyalara açır ki, bu da daha yaxşı gələcəyin qurulmasında iki mühüm addımdır. ICOM bu il Beynəlxalq Muzeylər Günündə muzeylərin öz cəmiyyətlərində müsbət dəyişikliklər yaratmaq potensialını üç aspektdən öyrənməyə çalışır:

  • Dayanıqlılığa nail olmaq gücü: Muzeylər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində strateji tərəfdaşdır. Onlar öz yerli cəmiyyətlərində aparıcı rola malik olmaqla müxtəlif məqsədlərə, o cümlədən sosialyönümlü iqtisadiyyatın inkişafı və ekoloji problemlər barədə elmi məlumatların yayılmasına öz töhfələrini verirlər.
  • Rəqəmsallaşdırma və əlçatanlıqda innovasiyaların gücü: Muzeylər yeni texnologiyaların inkişaf etdirildiyi və gündəlik həyatda tətbiq olunduğu innovativ məkanlara çevrilib. Rəqəmsal innovasiyalar ziyarətçilərin mürəkkəb anlayışları və detalları başa düşməsinə imkan yaratmaqla muzeyləri onlar üçün daha əlçatan və cəlbedici edə bilər.
  • Təhsil vasitəsilə cəmiyyəti formalaşdırmaq gücü: Kolleksiyalar və layihələri sayəsində muzeylər cəmiyyətin formalaşması üçün zəruri sosial struktur yaradır. Demokratik dəyərləri dəstəkləyərək hər kəsə həyatı boyu öyrənmək və yeniliklərlə tanış olmaq imkanı yaradan muzeylər məlumatlı və fəal vətəndaş cəmiyyətinin formalaşmasına kömək edir.