AZƏRBAYCAN MUZEYLƏRİ

close

"Pol Nadar: Bakıya əsrarəngiz səyahət"

Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Fransız İnstitutunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyi ilə birgə əməkdaşlığı nəticəsində 18 dekabr 2021-ci il - 15 fevral 2022-ci il tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində "Pol Nadar: Bakıya əsrarəngiz səyahət" adlı sərgi təşkil ediləcəkdir. Qeyd edək ki, Fransa Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Memarlıq və İrs Multimedia Kitabxanasının dəstəyilə ilk dəfə Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş etdiriləcək sərginin kuratoru Könül Rəfiyevadır.

Fransa Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Memarlıq və İrs Multimedia Kitabxanasının arxivində saxlanılan orijinal neqativlər əsasında çap olunan 70-dək yüksək keyfiyyətli fotonun nümayiş olunduğu sərgi üç tematik hissəyə bölünmüşdür: “Dahilərin portretləri”, “Bakı”, “Türküstana səyahət”.

Pol Nadar (1856-1939) XIX əsrdə Fransada fotoqrafiya sənətinin qabaqcıllarından biri və nüfuzlu "Nadar" fotoqrafiya şirkətinin banisi, heç də az məşhur olmayan Feliks Nadarın (1820-1910) oğlu idi. Atasının layiqli varisi Pol Nadar dövrünün ən istedadlı fransız fotoqraflarından biridir və sənətini uzaq səyahətlər daha da inkişaf etdirməyə başlayır.

Təkcə “Nadar” adı fransız fotoqrafiya tarixinin önəmli bir hissəsini xatırladır. Bu əsl ailə hekayəsində Feliks Turnaşon, daha sonra oğlu Pol sənət karyeraları boyunca “Nadar” adını daşımışlar.

Feliks Turnaşon (1820-1910) 20 yaşındaykən Nadar adını daşımağa qərar verir. 1854-cü ildə əksəriyyəti satirik olan 300 karikatura ilə “Pantheon Nadar” ortaya çıxır: bu onu məşhurlaşdırır. 1860-cı ildə Parisin Kapüsin Bulvarında yerləşən lüks studiyasına köçür. Onun müasirlərinin portretləri bizə ən məşhur simaların xüsusi ifadəli obrazlarını bəxş edir: Şarl Bodler, Ejen Delakrua, Viktor Hüqo, Jorj Sand və s.

Məşhur fotoqraf Feliks Nadarın yeganə oğlu və varisi Pol Nadar (1856-1939) uşaqlıqdan atasının studiyasında işləyir və özünü yalnız fotoqrafiya sənətinə həsr edir.  Pol Nadar 18 avqust 1890-cı ildə İstanbula, daha sonra isə Bakıya gəlir. Pol Nadarın Bakıya səfəri zamanı çəkdiyi yerlərin fotoşəkilləri XIX əsrin sonlarında Azərbaycanın paytaxtı haqqında böyük əhəmiyyət kəsb edən sənədli sübutdur. Pol Nadar Bakının unikal memarlıq nümunələrini (“Qoşa Qala” qapıları, Müqəddəs Nikolay kilsəsi, Şirvanşahlar Sarayı), dükan və bazarlardakı həyatı, səyyar tacirləri, yerli əhalini, şəhər cəmiyyətini, ailələri, uşaqları lentə almışdır.     

Bakıdan Daşkəndə yola düşən Pol Nadar burada səfəri çərçivəsində çəkdiyi fotoşəkillərdən ibarət sərgi təşkil edir.

Sərgi 15 fevral 2022-ci il tarixinədək nümayiş etdiriləcəkdir.