AZƏRBAYCAN MUZEYLƏRİ

close

Zəfər Gününə həsr olunmuş tədbir

5 noyabr 2021-ci il tarixində, saat 19:00-da Azərbaycan Milli Xalça Muzeyində Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək.

Tədbirdə “Qarabağın xalça xəritəsi” layihəsi çərçivəsində toxunan “Zəfər” xalçasının təntənəli şəkildə qədim ənənələrə uyğun dəzgahdan kəsimi mərasimi və Əməkdar rəssam Adil Şıxəliyevin müəllifi olduğu “Şuşa” adlı qobelenin təqdimatı olacaq.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev başda olmaqla müzəffər ordumuzun qalibiyyətinə həsr olunan “Zəfər” xalçasında Cəbrayılın “Xanlıq”, Qubadlının “Qubadlı”, Füzulinin “Bəhmənli”, Şuşanın “Ləmpə”, Laçının “Qasımuşağı”, Ağdamın “Şabalıd-buta”, Xocavəndin “Açma-yumma” və Tərtərin “Çələbi” xalçaları, Zəngilanın məşhur kilimi, Kəlbəcərin zilisi özünəməxsus rənglərlə təsvir olunub. Xalçada dövlət başçısının “Qarabağ Azərbaycandır!” şüarını, xalqımızın birliyini, qələbə əhval-ruhiyyəsini simvolizə edən naxışlar yer alıb.

“Zəfər” xalçasının ideyası, eskizi və toxunması Azərbaycan Milli Xalça Muzeyinin kollektivi tərəfindən həyata keçirilib. Xalça üç ay ərzində muzeyin Ənənəvi texnologiya şöbəsində toxunulub.

Tədbirdə təqdim olunacaq Əməkdar rəssam Adil Şıxəliyevin müəllifi olduğu “Şuşa” adlı qobelenində isə Qarabağın sənət beşiyi olan işğaldan öncəki Şuşanın təsviri, onun azdlığı uğrunda aparılan döyüşlər və azad Şuşanın əsrarəngiz təbiəti öz əksini tapıb.

II Qarabağ müharibəsi iştirakçılarının, qazilərin və onların övladlarının, ziyalıların iştirakı ilə keçiriləcək tədbirdə həmçinin qonaqlara dahi şair Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə kölgə teatrı janrında “Fitnə” tamaşası da nümayiş etdiriləcək. Tamaşa muzeyin Uşaq şöbəsinin əməkdaşları tərəfindən hazırlanıb.