AZƏRBAYCAN MUZEYLƏRİ

close

“Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda onlayn təlim keçirildi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “British Council”un birgə təşkilatçılığı ilə 2021-ci ilin 23-26 fevral tarixlərində Bakı şəhərində və regionlarda fəaliyyət göstərən muzey və qoruqların əməkdaşlarının iştirakı ilə “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda onlayn təlim keçirildi. Təlimin əsas məqsədi muzeylərdə əlilliyi olan insanlar üçün bərabərlik, müyəssərlik və inklüzivliyin tətbiq edilməsinə nail olmaq idi.

Təlimi Nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərgiz Abdullayeva və "British Council"un ölkə üzrə direktoru Samr Şah çıxış nitqi ilə açdılar. Nərgiz Abdullayeva Azərbaycan muzeylərində əlilliyi olan insanların maneəsiz hərəkəti, eksponatlar haqqında olan məlumatları rahat əldə edə bilmələri üçün inklüziv layihə və proqramların həyata keçirildiyini qeyd edərək, fiziki imkanlarından asılı olmayaraq bütün insanlar üçün muzeylərdəki informasiyaların müyəssər olması məqsədilə inklüziv layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğuladı. Samr Şah təlimdə iştirak edən bütün muzeylərin əlilliyi olan insanlar üçün daha da müyəssər olacağına inandığını söylədi.

Qeyd edilən təlim “British Council”un incəsənət və əlillik sahəsində həyata keçirdiyi, kimliyindən və fiziki imkanlarından asılı olmayaraq böyük arzuları olan insanlara heç bir məhdudiyyətin qoyulmaması ideyasına əsaslanan dörd illik “Limitsiz proqram”ının (Unlimited program) tərkib hissəsidir.

Dörd gün davam edən treninqin təlimçisi əlilliyi olan insanların muzey və digər müəssisələrdə maneəsiz hərəkəti və rahat məlumat alması üzrə ixtisaslaşmış İngiltərənin məşhur təşkilatlarından biri olan “Goss Consultancy”nin direktoru Nik Qos (Nick Goss) idi. Nik Qos hər gün üç saat davam edən interaktiv sessiyalar zamanı iştirakçılara "Müyəssərlik və inklüzivlik", “Müyəssərlik və inklüzivlik Azərbaycan muzeylərinin uğur qazanması üçün niyə vacibdir ?”, “Müyəssərlik və inklüzivliyi layihələrin həyata keçirilmə prosesinə necə daxil etmək olar ?”, “Əlilliyi olan insanlarla necə təmasa girmək olar - başqa tərəfləri nə vaxt və necə cəlb etmək olar ?” və s. mövzular üzrə geniş və ətraflı məlumat verdi.

Treninqdə Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Samux, Mingəçevir, Masallı və Lənkəran şəhər (rayon) tarix-diyarşünaslıq muzeyləri və Heydər Əliyev mərkəzləri, İçərişəhər Muzey Mərkəzi, Qala Dövlət Tarix və Etnoqrafiya Qoruğu, “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğu, Qobustan Milli Tarix-Bədii Qoruğu, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Memarlıq Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, Quba Soyqırımı Memorial Kompleksinin direktorları və əməkdaşları iştirak etdi.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edildi.